"Gələcək sahibkarlar" – Tələbələrimiz iki günlük təlimdə biznes və karyera biliklərini gücləndiriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) gənclərin startap təşəbbüslərinə dəstək olmaq, universitetdə startap ekosisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə "Gələcək sahibkarlar" adlı iki günlük təlim keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə sahibkarlığa marağı olan tələbələr iştirak ediblər.
Əvvəlcə "Gələcək sahibkarlar" layihəsi haqqında tələbələrə məlumat verilib. Qeyd olunub ki, layihə gənclər arasında biznes, startap, sahibkarlığa həvəs və maraq yaratmaq məqsədi daşıyır və onlara sahibkarlıq fəaliyyəti barədə məlumat və biliklər aşılamaqla təcrübə qazandırır.
Sonra təlimlərə başlanılıb. “Karyera” və “Biznes” mövzularına həsr olunan təlimləri layihənin təlimçisi Aida Ramiz aparıb. Təlim zamanı iştirakçılara karyera, karyeranın inkişafında önəmli praktik bacarıqlar, biznes quruculuğu, tələbatlı biznes sahələri, xüsusi uğurlu biznes layihələrindən danışılıb. Əlavə olaraq, biznesdə PR-ın (Public Relations-İctimaiyyətlə əlaqələr) rolu və önəmindən, startapın mahiyyətindən bəhs olunub.
Təlim interaktiv keçirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, AzMİU-da startap ekosisteminin inkişaf etdirilməsi, tələbələrin startap və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün İnnovativ Biznes İnkubator Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə tələbələrin startap ideyaları dəstəklənərək onlara mentor xidməti göstərilir, investor axtarışları həyata keçirilir. Bundan əlavə, mərkəz tərəfindən tələbələrin yerli və beynəlxalq startap layihələrində iştirakı təşviq və təmin edilir.