AzMİU-nun iki magistrantına dünya şöhrətli alim elmi rəhbərlik edəcək

Türkiyənin Qazi Universitetinin Elektrik və elektronika fakültəsinin professoru, öz sahəsində dünyanın tanınmış elm adamlarından biri olan Müslüm Çengiz Taplamaçıoğlu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. 

Alim Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Elektrik və elektronika ixtisasında təhsil alan bakalavr və magistr  tələbələri üçün hibrid formada tədris aparıb.  “Bina və qurğuların elektrik təchizatı” və “Tikinti və tikinti sənayesi müəssisələrinin elektrik təchizatının xüsusi bölmələri. Optimallaşdırma” fənlərindən mühazirələr oxuyub.

Professor Müslüm Çengiz Taplamaçıoğlu Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının laboratoriyalarını gəzib, yerinə yetirilən laboratoriya işləri ilə yaxından tanış olur. Kafedranın əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparır. Həmçinin kafedrayla əlaqələrin genişləndirilməsi, doktorantlara ikili rəhbərlik, birgə beynəlxalq konfransların keçirilməsi, digər beynəlxalq layihələrdə müştərək iştirak istiqamətində razılıq əldə olunub. Eyni zamanda iki nəfərin magistr dissertasiyasına rəhbərlik ona həvalə olunub.   

Qeyd edək ki, hibrid üsulla təşkil olunan dərslərin iki həftəsi oflayn qaydada aparılıb, növbəti dərslər isə dekabr ayı ərzində onlayn qaydada təşkil olunacaqdır.
 

09-10-2023