Beynəlxalq reytinqlərdəki mövqeyini yüksəltmək AzMİU-nun strateji hədəflərindəndir – “QS Quacquarelli Symonds” nümayəndələri universitet əməkdaşları üçün seminar keçiriblər
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları üçün seminar keçiriblər. Seminarda “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin məsləhət komandasının üzvlərində layihə koordinatoru Dara Bukhtoyarova, baş məsləhətçi Habib Fardoun, böyük məsləhətçi Zaeem Siddiqui və məsləhətçi Nilly Castano iştirak ediblər.
AzMİU-nun Strateji Planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxış edərək qonaqları universitet əməkdaşlarına təqdim edib və seminarın mövzusu, əhəmiyyəti haqqında məlumat verib.
Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və AzMİU-nun strateji hədəflərindən, bu hədəflərin içərisində inpakt faktorlu jurnallar, yerli və beynəlxalq reytinq təşkilatları, o cümlədən “QS Quacquarelli Symonds” agentliyi ilə əməkdaşlıq layihələrindən danışıb. Rektor qeyd edib ki, AzMİU-nun strateji hədəfi daha modern ali təhsil müəssisəsinə çevrilmək və inkişaf göstəricisi olan beynəlxalq reytinq cədvəllərindəki yerini daha da irəlilətməkdir.
Professor Gülçöhrə Məmmədova müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin AzMİU üçün əhəmiyyətindən bəhs edib, təlim iştirakçılarına uğurlar arzulayıb.
Təlimdə QS Reytinq Agentliyinin nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və “QS Subject Ranking” kateqoriyasına dair geniş məlumat verilib, eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında AzMİU-nun mövcud vəziyyəti müqayisəli təhlil edilib.
Daha sonra Agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.