Rektor G.Məmmədova və professor E.Qasımzadə AzMİU-nun müxtəlif qurumlarda çalışan məzunları ilə II Azərbaycan Milli Şəhərsalma Forumunda – FOTO


Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. 

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, forum iştirakçı ölkələrlə Azərbaycan dostluğunun təzahürüdür: “Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur. Həmçinin birgə maraqlarımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”. 

Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə “Birgə yenidənqurma - regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub.

Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.

“Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada gizli təhlükə ilə mübarizə - minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.

Sonda tədbir iştirakçıları Ağalı “ağıllı kənd”inə səfər edib və Zəngilanda sürətlə aparılan yenidənqurma layihələri ilə tanış olublar.

Forumun açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova və Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə də iştirak ediblər. Professor G.Məmmədova və professor E.Qasımzadə forum çərçivəsində orada iştirak edən AzMİU məzunları ilə görüşüblər. 

Qeyd edək ki, II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində müxtəlif qurumlarda çalışan xeyli sayda AzMİU məzunu iştirak edib.
 

05-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]