Mediasiya ilə bağlı tələbələrlə maarifləndirici görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Mediasiya Şurasının Monitorinq qiymətləndirmə və təhlil şöbəsinin müdiri Maksim Lətifov, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri, mediator Mehriban Zeynalova, Bakı 9 saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova iştirak edib.
AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək, tədbirin əhəmiyyətinə diqqət çəkib. O.Naqdiyev qeyd edib ki, mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır.
O.Naqdiyev qonaqları tələbələrə təqdim edib və mediasiya ilə bağlı daha geniş məlumat üçün qonaqlara söz verib.
Leyla Nəsibova çıxışında mediasiyanın mahiyyəti, mediasiya proseduru, biznes və digər sahələr üzrə mübahisələrin mediasiya yolu ilə həllinin üstünlüklərindən danışıb.
Daha sonra Mehriban Zeynalova, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri, tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. Mediasiya ilə bağlı biliklərin artırılmasının əhəmiyyətini, bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.