AzMİU-da film təqdimatı keçirilib: “Məhv olmuş ömür - Narkotikə YOX de!”
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür - Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilib.
Təqdimat tədbirində Milli Məclisin deputatları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkotizimlə Mübarizə İctimai Birliyinin əməkdaşları və 200-dən çox tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili, universitetdə narkotiklə mübarizənin güclü şəkildə təşkil olunduğunu, tələbələr arasında mütəmadi maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb. O, qeyd edib ki, gənclərin bu və bu kimi pis vərdişlərdən yayındırılması üçün AzMİU rəhbərliyinin tapşırıq və tövsiyyələri ilə təşkilat daxilində 50-dən çox müxtəlif klub, tələbə formu, birliklər yaradılıb və burada çoxlu sayda özünü inkişaf proqramları icra edilir.
Layihənin rəhbəri Kənan Qubadzadə çıxışında AzMİU-da narkotiklə mübarizə yönündə aparılan işləri təqdir edərək “Məhv olmuş ömür - Narkotikə YOX de!” layihəsi haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunmaq yönündə maarifləndirmə işi aparmaqdır.
Çıxışlardan sonra qısametrajlı film nümayiş olunub.
Film 4 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri və valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa, özlərini bu bəladan qorumağa çağırır.
Filmin nümayişindən sonra millət vəkilləri – İlham Məmmədovun, Vüqar İskəndərovun və Müşfiq Cəfərovun, AzMİU-nun prorektoru Orxan Naqdiyevin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Vasif Quliyevin çıxışları dinlənilib. Çıxışlarda narkomaniyanın acı fəsadlarından bəhs edilib. Ağ ölümə qarşı mübarizədə dövlətin, onun hüquq mühafizə orqanlarının, o cümlədən vətəndaş cəmiyyəti institutlarının böyük işlər gördüyünü diqqətə çatdırıblar. Qısametrajlı filmin gəncləri maarifləndirmək, onları narkotik istifadəsindən çəkindirmək istiqamətində tərbiyəvi əhəmiyyətinə toxunulub.