Tələbəmiz Avropa Memarlıq Tələbələri Assambleyasının vörkşoplarında iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi Avropa Memarlıq Tələbələri Assambleyasının (EASA) “Commons” mövzusu adı altında keçirilən vörkşoplarında iştirak edib.
Böyük Britaniyanın Şeffild şəhərində iki həftəlik təşkil olunan vörkşoplara Azərbaycanla yanaşı, Latın Amerikası ölkələrindən, Yaponiya, Avstraliya, Gürcüstan və digər dövlətlərdən 420-dən çox tələbə qatılıb.
Azərbaycanı beynəlxalq tədbirdə AzMİU-nun Memarlıq fakültəsinin “SABAH” qruplarında təhsil alan Kərim Kərimli və fakültənin 4 məzunu təmsil edib.
Tələbəmizin qatıldığı vörkşopda tapşırıq “Heeley City Farm Heritage” ərazisinin bərpası, sahəni canlandırmaq, ictimaiyyəti həmin əraziyə cəlb etmək, ərazini unikal toplaşma məkanına çevirmək olub. 6 nəfərdən ibarət qrup ilk olaraq ərazinin 3D modelini hazırlayıb, onun əsasında işlərə başlayıblar.
Birgə iş zamanı ərazidə mövcud olan materiallardan yeni yollar, pilləkənlər, uşaqlar üçün oyun meydançası, bağça və atelye sahəsi yaradılıb. Yekunda komanda işi uğurla tamamlayıb.
Qeyd edək ki, EASA 40 ildən artıqdır ki, hər il Avropanın müxtəlif ölkələrində memarlıq üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir, memar tələbələri, eləcə də peşəkarları mədəni və təhsil mübadiləsi platformalarında birləşdirir.