Şəhid ailələri və qazilər 27 Sentyabr – Anım Günündə AzMİU-da


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AzMİU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

Açılışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışıb. Rektor bildirib ki, 30 illik işğala son qoyan parlaq qələbəmiz, eləcə də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi. 

Professor Gülçöhrə Məmmədova ötən 3 il ərzində işğaldan azad edilmiş ərazilərin bir hissəsində infrastrukturun qurulduğunu və keçmiş məcburi köçkünlərimizin doğma yurd yerlərinə qayıtdıqlarını deyib. “Bu gün Zəngilan, Laçın, Füzulidə vətəndaşlarımız üçün yüksək səviyyəli şəhər və kənd mühiti yaradılıb, onlar artıq həmin ərazilərdə yaşayır.  Köç karvanımız artıq Qarabağa, Zəngəzura doğru hərəkət edir”. Rektor bu sevinci bizlərə yaşadan, qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. 

Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov Vətən müharibəsində rəşadətli ordumuzun, o cümlədən AzMİU məzunlarının göstərdiyi qəhrəmanlıqdan danışıb. O, Azərbaycanın suverenliyini öz gücü hesabına bərpa etdiyini bildirib. 27 sentyabrın Ali Baş Komandanın qətiyyətli siyasətinin, ordumuzun gücünün təcəssümü kimi tarixə düşdüyünü qeyd edib. Dekan şəhidlərimizin həyat yolunun gələcək nəsillər üçün bir örnək, vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. 

AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov çıxışında oğlunu xatırlayıb və onu vətəninə, millətinə böyük sevgi ilə yanaşan gənc kimi xarakterizə edib.  

Şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə isə qardaşını kövrək, bir o qədər də qürurlu hisslərlə yada salıb.

AzMİU-nun tələbəsi, Vətən müharibəsi iştirakçısı Rövşən İsgəndərli isə tədbir iştirakçılarına keçdiyi döyüş yolundan danışıb. 

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar AzMİU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.
 

27-09-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]