AzMİU növbəti 5 il müddətinə akkreditasiyadan keçdi


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 5 il müddətinə akkreditasiyadan keçib. Bu qərar Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə keçirilən ikinci iclasında qəbul edilib. 

İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlilləri təqdim edib. 

İclasda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilib və müəssisələrin növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 ilədək uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. 

Qeyd edək ki, cari ildə ümumilikdə 10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi yekunlaşdırılıb. İlin sonunadək daha 3 ali təhsil müəssisəsinin (ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universiteti) institusional akkreditasiya qiymətləndirməsi planlaşdırılır. 

20-09-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]