AzMİU və İTU arasında magistr və doktorant hazırlığı üzrə ikili diplom müqaviləsinin detalları müzakirə olunub


Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) prorektoru professor Ali Dəniz, İnşaat mühəndisliyi kafedrasının müəllimi professor Kadir Gülər və Xarici əlaqələr ofisi koordinatorunun köməkçisi Fatih Ortakçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib. Görüşdə universitetin prorektorları, dekanları, kafedra müdirləri və bir neçə alim iştirak edib. 

Professor Gülçöhrə Məmmədova AzMİU və İTU arasındakı ikili diplom müqaviləsinə, səmərəli əməkdaşlığa diqqət çəkərək əlaqələrin daha da inkişaf etdirilməsinin, şaxələndirilməsinin, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini vurğulayıb. Rektor bildirib ki, elm, beynəlxalq əlaqələr, beynəlxalq qrant layihələri, tələbə-müəllim mübadiləsi sahəsində əlverişli əməkdaşlıq imkanları var və bu imkanlardan qarşılıqlı faydalanmaq lazımdır. 

Prorektor Ali Dəniz səmimi görüşə görə təşəkkür edib və professor Gülçöhrə Məmmədovaya İTU-nun rektoru professor İsmail Koyuncunun salamlarını çatdırıb. 

Prorektor bildirib ki, İTU AzMİU ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır və bunun üçün əlaqələrin şaxələndirilməsinə hazırdır. Professor Ali Dəniz qeyd edib ki, ilkin olaraq ikili diplom müqaviləsi çərçivəsində oxuyan tələbələrin sayının artırılması və bu müqavilənin magistr və doktorantlara da şamil edilməsi yaxın gələcəkdə mümkün ola bilər. 

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə geniş müzakirə təşkil olunub. Tərəflər AzMİU və İTU-nun ortaq təşkilatçılığı ilə keçiriləcək “İnternational conference on modern problems of mathematics, mechanics and their applications”  konfransı ilə bağlı görüləcək işlər, AzMİU gənc alim və doktorantlarının İTU-da staj keçməsi, elmi laboratoriya və məcmuələrdən qarşılıqlı istifadə, TUBİTAK, Horizon və digər beynəlxalq qrant layihələrində uyğun elm sahələri üzrə birgə iştirak, doktorantlarla birgə elmi rəhbərlik və s. bu kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qərara alınıb ki, görüşdə müzakirə olunan məsələlər üzrə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün işçi qrupu yaradılsın və yaxın gələcəkdə AzMİU və İTU rektorları tərəfindən yeni əməkdaşlıq müqaviləsi imzalansın. 

Qeyd edək ki, 2018-ci ildə AzMİU və İTU rektorlarının İstanbulda keçirilən görüşündə İnşaat Mühəndisliyi ixtisası üzrə ikili diplom protokolu imzalanıb və protokola əsasən hər il AzMİU-nun 5 tələbəsi İTU-ya, İTU-nun 5 tələbəsi isə AzMİU-ya göndərilir. Tələbələr iki tədris ilini AzMİU-da, digər iki tədris ilini isə İTU-da oxuyur və tədris kreditlərini bitirdikdən sonra onlara hər iki universitetin diplomu təqdim olunur.  
 
 

19-09-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]