AzMİU tələbəsinin innovativ incəsənət startapı geniş ictimaiyyətə təqdim edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Nigar Novruzzadənin təsisçisi olduğu innovativ incəsənət platforması “N’us Gallery” startapının təqdimat mərasimi keçirilib.
“Innoland” inkubasiya və akkselerasiya mərkəzində keçirilən təqdimat tədbirində AzMİU-nun prorektoru Orxan Naqdiyev, universitetin İnnovativ Biznes İnkubator mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mentoru Ramin Əkbərov, startap ekosisteminin təmsilçiləri, investorlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Nigar Novruzzadə açılış nitqi ilə çıxış edərək “N’us Gallery” haqqında geniş məlumat verib. O qeyd edib ki, startap ölkə bazarında alternativi olmayan innovativ incəsənət platformasıdır. Platformada rəssamları, dizaynerləri eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamaq, onlar üçün kommersiya məsələlərini daha da asanlaşdırmaq hədəflənib.
Təsisçi əlavə edib ki, “N’us Gallery” dünya kreativ biznes şəbəkəsində ölkəmizi təmsil etməyi də qarşısına məqsəd qoyub.
Prorektor Orxan Naqdiyev çıxışında AzMİU tələbəsinin belə bir uğura imza atmasını universitet üçün qürurverici hall olduğunu bildirib. O, qeyd edib ki, AzMİU-da stratap ekosisteminin formalaşdırılması, tələbələrin ideyalarının aşkara çıxarılması, onlardan uğurlularının inkubasiyaya cəlb edilməsi və innovativ mühitin yaradılması üçün davamlı işlər görülür. Prorektor vurğulayıb ki, prosesin inkişaf etdirilməsi məqsədilə AzMİU-da yaxın keçmişdə İnnovativ Biznes İnkubator mərkəzi yaradılıb, bir neçə startap yarışı keçirilib, tələbələr və mentorlar mentorlar təlimlərinə cəlb edilib, ölkəmizdə, eləcə də beynəlxalq arenada təşkil olunan startap yarışlarında universitetin təmsil olunması təmin edilib.
Digər çıxış edən qonaqlar “N’us Gallery” ilə bağlı fikirlərini bildiriblər, Nigar Novruzzadə və onun komanda üzvlərinə uğurlar arzulayıblar.
Daha sonra panel müzakirələri təşkil olunub. Ləman Yusifli, Elçin Hüseyn, Ellada İsmayıl və Azər Məmmədli panel müzakirələrində özlərinin uğur hekayələrini danışıblar və uğur qazanmağın yolları haqqında fikir mübadiləsi aparıblar.