Fəzada axtarılan qalibiyyət – AzMİU-nun “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsində
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsinə yüksələn 8 komandadan biri olub. Komandanın üzvləri yarışma və layihələri ilə bağlı fikirlərini bizim saytla bölüşüblər. Müsahibəni sizlərə təqdim edirik.
Öncəliklə qazandığınız uğur münasibəti ilə komandanızı ürəkdən təbrik edir, müsabiqənin qalibləri sırasında yer almağınızı arzulayırıq.
-“PİTech” komandası necə yarandı və “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinə necə qatıldınız?
Günel İmamquliyeva – “PİTech” komandasının mentoru (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri):
“Azərkosmos”un nümayəndələri AzMİU-da infosessiya keçirmək üçün universitetə müraciət etmişdi. Onların bu istəyinə cavab olaraq Memarlıq korpusunun akt zalında bütün fakültələrdən olan tələbələrin iştirakı ilə görüş keçirildi. Həmin görüşdə müsabiqə barədə geniş məlumat verildi və tələbələrimiz tərəfindən müsabiqəyə maraq böyük oldu. Onlar Tələbə Elmi Cəmiyyətinə müraciət etdi, say çox olduğundan biz tələbələr arasında bir daha seçim apardıq. Məqsəd savadlı, intellektli və bacarıqlı uşaqları müsabiqəyə cəlb etmək idi. Sonda biz bu məqsədimizə çatdıq, 5 nəfərlə komandamızı qurduq. Komanda üzvlərimiz AzMİU-nun müxtəlif fakültələrindəndir (İnşaat, Memarlıq, Tikinti-iqtisad, MİT). Lakin hər biri elmə marağı olan, yaradıcı ideaya malik gənclərdir. Komandanın kapitanı Rizvandır. O, bizə ilk müraciət edən tələbə idi. Sakit təbiətli, az danışan olsada komanda da çox işlər görür, üzvləri bir araya toplayıb, sistemaktik, məsuliyyətlə çalışmalarına ruhlandırır. Komandamızın digər üzvləri Məhəmməd, Turan, Səbilə, Adil də ona dəstək göstərir, birlikdə böyük həvəslə layihədə çalışırlar. Komandanın ad seçimi ilə bağlı bir neçə təklif var idi. Yekunda “PİTech” adı üzərində dayandıq. Bu ad Məhəmməd tərəfindən təklif olunmuşdu.
-“PİTech” komandası olaraq finala yüksələn layihənizin fərqliliyi nədir?
Rizvan Fərzəliyev – “PİTech” komandasının kapitanı (İnşaat fakültəsi, İnşaat mühəndisliyi ixtisası, 4 kurs)
“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin şərtləri əsasən belədir. Komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Bu model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını düzgün yerinə yetirməlidir. Peyki hazırlayarkən biz burda mühəndis dəqiqliyi ilə məsələyə yanaşdıq. Hündürlüyün düzgün təyin edilməsindən tutmuş, detalların çəkisinə, istifadə olunan materialların seçiminə qədər çox incə nüanslar üzərində məsləhətləşdik. Hər bir məsələ üzərində zərgər dəqiqliyi ilə işləyirik. Gecə-gündüz demədən çalışırıq. Elə günlərimiz olub ki, gecə saat 1-də komanda üzvləri ilə universitetdən çıxmışıq. Zəhmətin nəticəsidir ki, biz indi finaldayıq. Peyk modelimizin dizayn işlərini Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 2-ci kurs tələbəsi Səbilə Zeynallı hazırlayır. Nəqliyyat fakültəsinin Şəhər kadastrı ixtisasında magistr təhsili alan 1-ci kurs tələbəsi Turan Məmmədov, Mexanika və informasiya texnologiyaları fakültəsi Prosesin avtomatlaşdırılması mühəndisliyi 3-cü kurs tələbəsi Adil Rəhimov da özlərinin mühəndis bacarığını bizimlə bölüşür.
Məhəmməd Abbaslı – “PİTech” komandasının üzvü (Tikinti-iqtisad fakültəsi, Sənayenin təşkili və idarə olunması ixtisası, 4 kurs )
Peykimizin modeli daha yüngül, dözümlü materiallardan təşkil olunub, passiv eniş mexanizmi də fəqlidir. Bu keyfiyyətlər bizim hazırladığımız peyk modelini digərlərindən fərqləndirir.
Günel İmamquliyeva – “PİTech” komandasının mentoru (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri): Hazırda universitetimizdə imtahanlar gedir. Komandamızın digər üzvləri hazırda imtahandadırlar.
-Layihənin reallaşmasına hər hansı dəstək göstərildimi?
Günel İmamquliyeva – “PİTech” komandasının mentoru (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri):
Bunu xüsusi ilə qeyd etməliyəm ki, AzMİU elm və innovasiyalar sahəsinə çox böyük önəm verir. Tələbələrimizin elmə cəlb olunması istiqamətində mütəmadi işlər aparılır. Mənim sədri olduğum Tələbə Elmi Cəmiyyəti daim tələbələrlə işləyir, onları belə innovativ və yaradıcı müsabiqələrə cəlb edir. Elə bu müsabiqəni nümunə gətirərək söyləmək istərdim ki, universitetin rektoru professor Gülçöhrə Məmmədova, elm və innovasiyalar üzrə prorektor Nigar Aslanova daim uğurlarımızla maraqlanır, çətinliyimiz olanda köməklərini əsirgəmirlər. Layihənin hazırlıq mərhələsindən tutmuş bu günə qədər universitet tərəfindən bizə bütün zəruri dəstək göstərildi. Bu dəstəyi görmək həm tələbələrimizi, həm də məni sevindirir. Komandamızı qalib olmağa həvəsləndirir.
Məhəmməd Abbaslı – “PİTech” komandasının üzvü (Tikinti-iqtisad fakültəsi, Sənayenin təşkili və idarə olunması ixtisası, 4 kurs)
Universitet tərəfindən həm maddi, həm də texniki dəstək olunub. Bunlar olmasaydı biz peyk modelimizi reallaşdıra bilməzdik. Bunun üçün universitet rəhbərliyinə komandamız adından təşəkkürümü bildirirəm.
Layihəmizə inanırıq, əminik ki, qaliblər arasında yer alacayıq. Düşünürəm hər şeyə əzm və iradənin gücü ilə nail olmaq olar. Rizvanın da qeyd etdiyi kimi gecə-gündüz demədən peyk modeli üzərində çalışırıq, daha yaxşı nə edə bilərik deyə axtarışlar edirik. Komanda yoldaşlarım da çox həvəsli və inamlıdır. Biz bir çox mühəndislik universitetlərini geridə qoyub finala qədər yüksəlmişik. Qalib olmaq isə bir addımlığımızdadır. Günel xanımın və universitet rəhbərliyinin bizə ehtimadı böyükdür, onların bu ehtimadını doğrultmağa çalışacağıq.
Günel İmamquliyeva – “PİTech” komandasının mentoru (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri):
Qalib olmağı elə ilk gündən istəyirik. Müsabiqəyə qoşulmağımızda əsas məqsədimiz sübut etmək idi ki, biz memar, iqtisadçı, inşaatçı olaraq da süni peyk modelimizi hazırlayıb onu kosmosa uçurda bilərik. Finala 8 komanda keçib. 8 komanda iştirakçıları 4 iyul tarixində keçiriləcək "Uçuş öncəsi yoxlamalar və uçuş mərhələsi"ndə yekun işlərini təqdim edəcək və qaliblər müəyyənləşəcək. Finalda bizimlə bərabər, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Xəzər Universiteti, Fransa-Azərbaycan Universiteti, Bakı Ali Neft məktəbi və Sumqayıt Dövlət Universitetinin komandaları birincilik uğrunda mübarizə aparacaq. Bu mübarizənin yekununda sevinən tərəf olmaq əsas istəyimizdir. Komandamıza güvənirəm, əminəm ki, bizim üzvlər müsabiqənin qalibləri sırasında yer alacaq.
Günel Həsənova