AzMİU-da “Açıq qapı” günü keçirilib: Valideynlər və media nümayəndələri imtahan prosesini izləyiblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində valideynlər üçün “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə Nəqliyyat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, İnşaat və Memarlıq fakültələrində təhsil alan tələbələrin valideynləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Əvvəlcə AzMİU-nun rəhbərliyi, İmtahan Qərargahının nümayəndələri ilə həmçinin ictimai və tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək imtahan prosesi haqqında məlumat verib.
Rektor imtahanların gedişində şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində görülən işlərdən, həmçinin imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə baxılma mexanizmlərindən danışıb. Sonra valideynlərin və media nümayəndələrinin sualları cavablandırılıb.
Görüşdən sonra birgə imtahan prosesi izlənilib. Xüsusi ayrılmış zallarda test və yazılı imtahanların gedişini izləyən valideynlər, eyni zamanda yazılı imtahanların şifrələnmə otağında olub, prosesə canlı şahidlik ediblər.
İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası iyulun 5-dək davam edəcək. İmtahanlarda ümumilikdə 8000-dən çox tələbə iştirak edir.
Təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq tələbələr yazılı və test üsulları ilə imtahan verirlər. Qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan götürülür. Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir.
İmtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.
Bundan əlavə, imtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.