Açıq havada rəsm müsabiqəsi – Tələbələr Ulu Öndərin büstünü təsvir ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Ulu öndərin izləri ilə” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqə AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetin həyətində açıq havada təşkil olunub. Memarlıq fakültəsinin istedadlı tələbələri qısa müddətdə Heydər Əliyevin universitetin həyətindəki büstünü təsvir ediblər. 

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov tələbələrin rəsm işlərinin Ulu Öndərə məhəbbətinin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, AzMİU-da tədrislə yanaşı, tələbələrin fərdi bacarıqlarının inkişafı hər zaman olduğu kimi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. 

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Memarlıq fakültəsinin tələbələrinin öz yaradıcı bacarıqları ilə seçildiyini, sərgilərdə hər zaman fəallıq göstərdiklərini deyib. Sərgini təşkilində THİK-nin rolunu yüksək qiymətləndirib, belə sərgilərin davamlı olmasını arzulayıb.

Sonda münsiflər heyəti rəsmlərə baxış keçirib, ən gözəl rəsmlərin qalibləri seçilərək diplomlarla təltif edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəslin ulu öndər Heydər Əliyevə olan dərin hörmət və ehtiramını ifadə etmək, yaradıcı bacarığını formalaşdırmaq, onların asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır.
 

14-06-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]