AzMİU tələbələri üçün daha bir şirkətdə təcrübə və iş imkanı yarandı


“Kristal Abşeron”un Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova, AzMİU haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrin önəminə diqqət çəkən rektor “Kristal Abşeron”la AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib. 

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin şirkət tərəfindən reallaşdırılan böyük miqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər.  

AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən Mahayət Nəbiyev “Kristal Abşeron”un fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, AzMİU alimlərinin inşaat sektoru ilə bağlı elmi tədqiqatları “Kristal Abşeron” üçün mühüm əhəmiyyət kəsb edir və şirkət mühəndis kadrların yetişdirilməsi işində universitetlə müxtəlif formalarda əməkdaşlıq etmək niyyətindədir.

Görüş zamanı nümayəndə heyətinin də iştirakı ilə iki qurum arasında əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi üçün vacib olan amillər, xüsusilə təhsil, elm və istehsalat üçbucağının yaradılması, davamlı, həmçinin səmərəli əməkdaşlığın təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.  

Görüşün sonunda AzMİU ilə “Kristal Abşeron” arasında əməkdaşlığa dair memorandum imzalanıb. 

Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “Kristal Abşeron”da təcrübəyə cəlb olunması, universitet məzunları üçün kariyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.

09-06-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]