“Rənglərin ahəngi” – Tələbələrimizin yeni sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin rəsm işlərindən ibarət “Rənglərin ahəngi” adlı yaradıcılıq sərgisi açılıb.
Universitetin Tələbə Gənclər Təşkilatının nəzdində “Gənc rəssamlar” dərnəyi, “Dizayn klubu”, “Təsviri incəsənət” kafedrası və Tarix Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Sərginin açılış mərasimində iştirak edən qonaqlar tələbələrin əl işlərini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar. Belə sərgilərin davamlı olmasını diləyiblər.
Daha sonra sərgiyə baxış keçirilib. Tələbələr böyük həvəslə əl işlərini gələn sənətsevərlərə təqdim ediblər.
Sərgidə pastel, yağlı boya, quaş, karandaş, qələmlə çəkilmiş 80-ə yaxın rəsm işi nümayiş olunub. Əl işləri əsasən, natürmort, peyzaj, portret, akvarel janrlarından ibarət olub. Əsərlər arasında “Bahar”, “Şuşa”, “Ağ at” , “Bakı gecələri”, “Yazın gəlişi”, “Bakıdan cəhbəyə”, “Neft buruğu” xüsusi ilə seçilib.
Qeyd edək ki, sərgi iyunun 30-dək davam edəcək.