AzMİU Astarada keçirilən Təhsil Festivalında təmsil olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında təmsil olunub.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, yazıçılar, ali təhsil müəssisələrinin nümayəndələri, nəşriyyat rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla, ümumilikdə 5000-dən çox izləyici iştirak edib.
Festival Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunun Dənizkənarı Park-bulvar kompleksində təşkil olunub.
Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
Festivalda iştirak edən aparıcı ali təhsil müəssisələri arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) də seçilməyi bacarıb. Universitetin stendi ilə tanış olan elm və təhsil naziri Emin Əmrullayevə son illər qazanılan təhsil-elm nailiyyətləri barədə məlumatlar verilib, tələbələrin memarlıq və dizayn işləri təqdim olunub.
Universitet təmsilçiləri stendin ziyarətçilərinə AzMİU-da tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası haqqında geniş və əhatəli informasiyalar veriblər. Stenddə, həmçinin AzMİU-nun nəzdində İnşaat Kolleci barədə məlumatlar da öz əksini tapıb.
Stenddə kollecin ixtisasları, uğurları ilə yanaşı, tələbələrin rəsm və əl işləri sərgilənib.