“Qarabağı göstərib soruşurdu ki, bura necə Ermənistanın ərazisi ola bilər?” – Professor Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb


“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi və Ümummilli Liderin köməkçisi vəzifələrində çalışmış, tarix elmləri doktoru professor Dilarə Seyidzadə ilə müəllim və tələbələrin görüşü keçirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonağı salamlayıb və görüşün əhəmiyyətdən danışıb. Rektor qeyd edib ki, Dilarə Seyidzadə uzun illər ulu öndər Heydər Əliyevə sədaqətlə xidmət edib, böyük idarəçilik, zəngin həyat təcrübəsinə şahid olub və onun Ümummilli Liderlə bağlı xatirələri AzMİU müəllim və tələbələri üçün böyük əhəmiyyətə malikdir. 

Görüşdə professor Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylərdən, apardığı islahatlar, vətəndaşlarla, dünya liderləri ilə görüşlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin həyat və fəaliyyəti gənc nəsil üçün dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik uğrunda fəda etmək, üzərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğulayıb. 
Professor Dilarə Seyidzadə Ümummilli Liderin memarlığa olan marağından da danışıb: “Heydər Əliyev əvvəlcə memarlıq təhsili alıb. Bəlkə də onun özünə qarşı yüksək tələbkarlığı bundan qaynaqlanırdı. O, gecə-gündüz bilmədən, dövləti və xalqı üçün çalışırdı, gecə saat 3-də, 4-də bizə tapşırıq verirdi və özü də işə rəhbərlik edirdi, bizimlə birgə prosesdə iştirak edirdi”. 

Professor Dilarə Seyidzadə qeyd edib ki, Ümummilli Lider peşəkarlığı ilə milli təəssübkeşliyini birləşdirərək fəaliyyət göstərirdi: “Onun fəaliyyətinin hər mərhələsində, hər detalında sevgi hiss olunurdu. Hər işi sevərək yüksək peşəkarlıqla qururdu. Mənə bir dəfə tapşırdı ki, xarici səfərlərdə yanımızda götürmək üçün Azərbaycanın xəritəsini hazırlayın və biz həmin xəritəni hazırladıq. Müəllim kimi hər bir xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. Qarabağı göstərib sual verirdi ki, bura necə Ermənistanın ərazisi ola bilər? Təbii ki, dünya liderləri onunla razılaşırdılar, lakin təəssüflər olsun ki, öz ölkələrinin siyasi maraqlarına görə o vaxt münaqişə həll olunmadı. Bununla belə, mən hesab edirəm ki, Ulu Öndər torpaqlarımızın gələcəkdə azad olunması ilə bağlı layiqli davamçısına lazımi məsləhətlərini vermişdi. Diqqət edirsinizsə, cənab Prezidentimiz hər zaman çıxışında bunu qeyd edir, torpaqlarımızın azad edilməsinin onun üçün həm də ata nəsihəti olduğunu bildirir”.

Çıxışından sonra professor Dilarə Seyidzadə müəllim və tələbələrin Ulu Öndərin həyat və fəaliyyəti haqqında suallarını cavablandırıb. 

18-05-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]