AzMİU-da elmi seminarlar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Texnoloji maşın və avadanlıqlar kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib.
Seminarda Texnoloji maşın və avadanlıqlar kafedrasının müəllimi, İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “Kanal və küvetləri təmizləyən işçi orqanın parametrlərinin tənzimləmə prosesinin alqoritminin işlənməsi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədqiqatçı hazırda Azərbaycanda yol infrastrukturunun qurulması, müharibədən sonra yollarda olan inkişaf prosesi, yol şəbəkələrinin küvetlər və suaparıcı kanalların genişləndirilməsi və stimullaşdırılması işində yol örtüklərini təmizləyən işçi orqanın parametrlərinin tənzimlənmə prosesindən danışıb. Nişan atılma məsafəsi sabit olan maşının iş prinsipini izah edib, bu prosesin həyata keçirilməsində GMT suite proqramının əhəmiyyətinə toxunub.
Növbəti elmi-praktik seminar isə Sənayenin təşkili və idarə edilməsi kafedrasının təşkilatçılığı ilə keçirilib.
Kafedranın müəllimləri – Aynur Qurbanova “Dövlətin iqtisadi təhlükəsizliyi” mövzusunda, Günel Həsənovanın "Azərbaycan Respublikasının səhiyyə sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda çıxışları dinlənilib.
Təqdiqatçıların məruzələrinin yekununda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminarlarda AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Elmi tədqiqat şöbəsinin nümayəndələri, kafedranın əməkdaşları və tələbələr iştirak ediblər.