AzMİU-nun müəllimi Türkiyənin Ege Universitetində ezamiyyətdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub.
Səfər çərçivəsində Şahmar Rəfili Ege Universitetinin prorektoru Mehmet Ersan, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və s. əməkdaşlarla görüşlər keçirib, faydalı müzakirələr aparıb. Gələcəkdə hər iki universitet üçün maraq kəsb edən elmi-tədris layihələri və onların reallaşdırılması istiqamətində görüləcək işlərdən danışılıb.
AzMİU-nun müəllimi Ege Universitetinin İnşaat fakültəsinin müəllimləri və magistr tələbələri üçün mühazirə də oxuyub. Təqdimatla keçirilən mühazirələrdə həyat fəaliyyətinin təhlükəsizliyi, inşaat sahəsində işçilərin təhlükəsizliyi, yeni normalar və Azərbaycanda qazanılan təcrübə, eləcə də
AzMİU-da bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Müxtəlif laboratoriyaları gəzib, tələbələrin orada apardığı təcrübələri izləyib.
Sonda mübadilə proqramına qatıldığı üçün Şahmar Rəfiliyə "Orhun" mübadilə proqramının diplomu təqdim edilib.
Qeyd edək ki, Orhun mübadilə proqramı Türk Keneşi Türk Universitetlər Birliyinin təşəbbüsü ilə yaradılan və üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyən proqramdır. Proqram çərçivəsində türk dünyası ölkələrinin ali təhsil müəssisələri arasında inteqrasiya və əməkdaşlığın inkişafı nəzərdə tutulub.