Məktəblilərin AzMİU ilə tanışlığı davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı şəhəri 13 , 21 və 247 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri universitetdə ekskursiyada olublar.
AzMİU-nun ictimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov məktəb kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin artıq ənənə halını aldığını diqqətə çatdırıb. O, məktəblilərə universitetin yaranma tarixi, mövcud ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları, tələbə həyatı və s. barədə geniş informasiya verib, onlara gələcək ixtisas seçimlərində uğurlar arzulayıb.
Sonra AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Rəna Cəbrayılova tərəfindən qəbul qaydaları, ixtisaslar və gələcək karyera imkanlarından danışılıb.
Universitet barədə tanıtım videoçarxı nümayiş etdirilib, abituriyentlərin sualları cavablandırılıb.
Görüş bədii hissə ilə davam edib. AzMİU-nun özfəaliyyət kollektivinin ifasında mahnılar səsləndirilib.
Sonda məktəblilər universitetin tədris binalarına baş çəkiblər, Heydər Əliyev Muzeyini, ayrı-ayrı fakültələri, auditoriya və tədris laboratoriyalarını, İdman şəhərciyini gəziblər.