Abituriyentlər AzMİU-da: Məktəblilərə ixtisaslar haqqında geniş məlumat verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi təşkil olunan açıq qapı günləri davam edir. Universitetin budəfəki qonaqları Nömrə 1 Tədris Mərkəzinin və Bakıxanov Hazırlıq Mərkəzinin abituriyentləri olublar. Görüşdə AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları – Aynurə Bayramova və Rəna Cəbrayılova iştirak ediblər.
Məktəblilər ilk olaraq AzMİU-nun tanıtım videoçarxına baxıblar.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev məktəbliləri salamlayıb, onları AzMİU-da görməkdən məmnunluğunu ifadə edib. Prorektor hazırda ölkəmizin hər bir bölgəsində quruculuq və abadlıq işlərinin həyata keçirildiyini deyib. Həmin ərazilərdə universitetimizi bitirən məzunlar böyük həvəslə, ruh yüksəkliyi ilə çalışır. Bu işlərin peşəkar səviyyədə həyata keçirilməsində memar, inşaatçı və mühəndislər böyük rol oynayır. Ölkəmizdə bu cür yüksəkixtisaslı kadrlara ehtiyac duyulduğunu, buna görə də məktəbliləri bu ixtisaslar üzrə yönəlməyə çağırıb.
Sonra Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Aynurə Bayramova çıxış edib. O, şagirdlərə AzMİU-nun fakültələri, ixtisasları, qoşulduğu beynəlxalq mübadilə proqramları, tələbə həyatı, həmçinin seçmək istədikləri ixtisasların karyera imkanları haqqında ətraflı məlumat verib.
Nömrə 1 Tədris Mərkəzindən Teyyub Ağayev və Bakıxanov Hazırlıq Mərkəzindən Dadaş Ağalarov da çıxışlar edib, şagirdlərə öz tövsiyələrini veriblər.
Geniş tanıtımdan sonra abituriyentlərin sualları cavablandırılıb, universitetə aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb.