Elmi Şurada prorektorlar Nərgiz Abdullayevanın və Orxan Naqdiyevin hesabatları dinlənilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova iclas iştirakçılarını salamlayıb, gündəlikdə duran məsələlərlə onları tanış edib.
Gündəlikdə duran ilk məsələ - “Universitetin beynəlmiləşdirilməsinin vəziyyəti və problemləri” mövzusunda beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva hesabatla çıxış edib. Prorektor AzMİU-da elm və təhsil sahələrinin beynəlmiləlləşdirmə istiqamətində görülən mühüm işlərə toxunub. Beynəlxalq əməkdaşlıq, ikili diplom və mübadilə proqramları, tələbə-müəllim mübadiləsi, beynəlxalq elmi tədqiqatlar, qrand layihələr, beynəlxalq akkreditasiya sahəsində aparılan işlərə diqqət çəkib. Əcnəbi tələbələrin universitetə cəlb olunması, tələbə prosesində xarici ali təhsil mütəxəssislərinin iştirakının təşkili prosesinin həyata keçirildiyini qeyd edib.
Sonra universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyevin hesabatı dinlənilib. Prorektor “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə yerinə yetirilən işlər” mövzusunda çıxışında fakültələr, ictimai təşkilatlar və idman klubunun iştirakı ilə milli mənəvi dəyərlər, mədəniyyətimizin qorunması, idman və sağlam həyat tərzinin gənc nəsilə aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Orxan Naqdiyev çıxışında, həmçinin universitetdə baş verən yeniliklərin işıqlandırılması, daxili və xarici kommunikasiya işinin qurulması, inkişaf etdirilməsi ilə bağlı fəaliyyətə də toxunub.
Məruzəçilər Elmi Şura üzvlərinin suallarını cavablandırıblar və məruzə mövzuları ilə bağlı çıxışlar edilib.
Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək hesabatlara münasibətini bildirib, toxunulan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Elmi Şurada digər cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.