AzMİU tələbələrinin istehsalt müəssisələri nümayəndələri ilə görüşləri davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn mərkəzi və Mühit dizaynı kafedrasının birgə təşkilatçılığı ilə tələbələrlə istehsalat müəssisələri nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə Azərbaycanda uzun müddət fəaliyyət göstərən, dünyaca məhşur brend “VİTRA”nın “Kavkaz” – müasir sanitar qovşağı avadanlıqlarının satışı üzrə rəhbəri Kaan Baş, şirkətin satış üzrə nümayəndələri və Almaniyadakı məşhur "Hansgrohe" markasının Azərbaycan üzrə nümayəndəsi Ülvi Novruzov iştirak ediblər.
Ülvi Novruzov təmsil etdiyi şirkətin tarixi, yaranma faktorları, inkişaf amilləri və səviyyəsi, şirkətin zamana və dəbə uyğun ən son yenilikləri ətrafında geniş məruzə ilə çıxış edib, prezentasiya nümayiş etdirib. Həmçinin digər qonaqlar, “Kavkaz” nümayəndələri tələbələrlə öz təcrübələrini bölüşüb, onlara öz məsləhətlərini veriblər.
Sonda gələcəkdə interyer tərtibatı üzrə müstəqil fəaliyyəti davam etdirmək arzusunda olan tələbələrlə layihələndirmə prinsipləri və sanitar qovşaqlarının dizayn tərtibatında yarana biləcək çətinliklər ətrafında müzakirə aparılıb. Memarlıq dizayn aləmində interyer tərtibatı üzrə fəaliyyət sahələrində ən son trendlər və nailiyyətlər barədə informasiya verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.