AZMİU-da SABAH qruplarına tələbə qəbulu üçün infosessiya keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1-ci kurs tələbələri ilə Elm və Təhsil Nazirliyinin SABAH qrupları icra komitəsinin rəhbəri Eldar Qocayevin və onun tələbələrlə iş üzrə müavini Sevinc Əliyevanın görüşü keçirilib. Görüşdə AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, AzMİU SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva və fakültə dekanları da iştirak ediblər.
Prorektor Akif Qasımov qonaqları və tələbələri salamlayıb. O, hazırda AzMİU-da SABAH qrupları üzrə İnşaat mühəndisliyi və Memarlıq ixtisasları istiqamətində kadr hazırlığının aparıldığını, gələcəkdə daha 2 ixtisas üzrə SABAH qrupları yaradılacağını diqqətə çatdırıb. Çıxışının yekununda müsabiqəyə qatılacaq tələbələrə uğurlar arzulayıb.
Eldar Qocayev çıxış edərək 2023/2024 tədris ili üzrə SABAH qruplarına bakalavriatura və magistratura səviyyəsinə qəbul prosesinin başladığını diqqətə çatdırıb. SABAH qruplarında tədris prosesi, tətbiq olunan təhsil sistemi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışıb. O, qeyd edib ki, SABAH qruplarının yaradılmasında əsas məqsəd beynəlxalq rəqabətə davamlı, savadlı, bacarıqlı peşəkar kadr hazırlığını həyata keçirməkdən ibarətdir.
AzMİU SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva universitetin SABAH qruplarında təhsil alan sonuncu kurs tələbələrindən 3-nün istehsalat təcrübəsi keçdiyi şirkətlərdən iş təklifi aldığını deyib. Pərvin Quliyeva bunu SABAH tələbələrinin real uğuru kimi dəyərləndirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.