“Təbiətə bir gün” -Tələbələrimiz Xəzər dənizinin sahil zolağının məişət tullantılarından təmizlənməsi aksiyasında
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin Foto kursları tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan Fotoqrafları Birliyi”nin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirib.
Aksiyada “Azərbaycan Fotoqrafları Birliyi”nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları və Abşeron Milli Parkının könüllüləri də iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olub.
Təyin olunmuş Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, eləcə də buranın təkrarolunmaz təbiətinin və aksiyanın maraqlı anlarının fotoları çəkilib.
Aksiya zamanı peşəkar fotoqraflar tərəfindən tələbələrə ustad məsləhətləri verilib.