AzMİU-nun təşkilatçılığı ilə keçirilən konqresdə seysmologiya üzrə nüfuzlu dünya alimləri ortaq qərar qəbul ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə keçirilən “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi yekunlaşıb.   

Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə gerçəkləşən konqresdə xarici və yerli mütəxəssislər məruzlərlə  çıxış ediblər.  

Konqresdə yaponiyalı alimlərin “Bütün tikinti strukturlarının təfərrüatlı sonlu elementlər təhlili üçün çətinliklər”, hindistanlı alimlərin “3D CEL-FE yeraltı və yerüstü partlayışlara məruz qalan yeraltı su boru kəmərində partlayış dalğası təzyiqinin rəqəmsal təhlili və dinamik cavab”, azərbaycanlı alimlərin “Hündürmərtəbəli binalara tətbiqi ilə performansa əsaslanan seysmik dizayn üzrə yeni meyar” və s. mövzularda elmi məruzələri xüsusi diqqət cəlb edib.  

Məruzələr dinlənildikdən sonra  konqresin yekun qərarı açıqlanıb. Qərarda təqdim olunmuş məruzələrin elmi aktuallığı və elm sahəsinə töhfəsi qeyd olunub, konqresin işi qənaətbəxş hesab edilib. Seçilmiş konfrans materiallarının “Springer” nəşrində və elmi əsərlərin xüsusi buraxılışında nəşri, elmi əməkdaşlıq (maddi-texniki bazadan birgə istifadə, təcrübə keçmək,  yeni jurnalın təsis olunması və.s) barədə ikitərəfli anlaşmaların icra olunması nəzərdə tutulub.

Sonda konqresin bağlanış mərasimi keçirilib. Konqresə öz töhfəsini verən  alimlərə təşəkkürnamələr təqdim olunub.  

Qeyd edək ki, AERS 2023-ün məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarət olub.

01-05-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]