AzMİU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron Kitabxanasının təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş toplantı keçirilib. Tədbirdə universitet rəhbərliyi, müəllim və tələbələrlə yanaşı, müasir ədəbiyyatımızın nümayəndələri, yazarlar - Rövşən Abdullaoğlu və Esmira Abdullayeva da iştirak ediblər.
Tədbirin gedişində yazıçılar və onların yazdıqları əsərlər haqqında təqdimatlar edilib, kitabxananın fəal oxucularına hədiyyələr təqdim olunub. Bundan əlavə, AzMİU tələbələrinə kitablar və kitab oxumağın faydası haqqında video sorğu da nümayiş edilib, həmçinin dünyaca məşhur olan yazıçıların özləri və əsərləri haqqında geniş məlumat verilib.
Məlumat üçün qeyd edək ki, tədbirin məqsədi mütaliənin populyarlaşdırılması və savadlılığın artırılması, kitabların insan həyatındakı əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək olub.