“Gədəbəydən Qərbi Azərbaycana uzanan qalalar” – Gənc tədqiqatçıların elmi-praktiki konfransı keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 aprel- Beynəlxalq Abidələr və Tarixi yerlər Gününə həsr olunmuş “Azərbaycanın Memarlıq irsinin qorunması və istifadəsi problemləri” adlı gənc tədqiqatçıların elmi-praktiki konfransı keçirilib.

Konfransda universitetin Memarlıq fakültəsinin professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak ediblər.

Konfrasın açılış mərasimində çıxış edən Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova bildirib ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə ölkəmizdəki memarlıq abidələrinin qorunması bizim vətəndaşlıq borcumuzdur. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Daha sonra konfransda məruzəçi qismində aşağıdakı doktorant və dissertantlar təqdimatlar nümayiş ediblər.

Mədəniyyət Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dissertant Fatma Səmədova “Gədəbəydən Qərbi Azərbaycana uzanan qalalar” adlı çıxışında Gədəbəy ərazisində yerləşən Koroğlu, Urud, Oxçu, Alagöz, Namərd qalalarıyla bağlı apardığı araşdırma və tədqiqat işlərindən bəhs edib.                                   

Qrafik və media dizaynı kafedrasının dissertantı Firuzə Bədəlova “Tarixi mühitdə vizual kommunikasıyanın təkamülü” adlı çıxışında memarlıq mühitinin tərkib hissəsi olan və müasir zaman çərçivəsində vacib funksiya daşıyan məsələlərdən birinin iri şəhərlərdə informasiya vasitələrinin öyrənilməsi olduğunu və bu sahədə apardığı tədqiqatın nəticələrindən danışıb. 

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının doktorantı Nigar Abdullayeva “Heydər Əliyevin Azərbaycan memarlıq irsinin qorunmasında rolu” adlı çıxışında Ümummilli Liderin memarlıq irsinin qorunub saxlanmasına, bərpasına böyük önəm verdiyini vurğulayıb. Milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirdiyini söyləyib. 
Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının doktorantları - Aygün İmanova “Немецкие жилища в Азербайджане”, Aytac Əkbərli “Tarixi mərkəzləri olan şəhərlərdə şəhərsalma çağırışları və məqsədləri” mövzusunda çıxışları ilə yanaşı, digər tədqiqatçıların müxtəlif mövzulu çıxışları da dinlənilib. 

Konfransın sonunda məruzələrlə bağlı suallar cavablandırılıb və təkliflər səsləndirilib.
 

19-04-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]