Günəş enerjisi ilə bağlı ölkəmizin kadr potensialının gücləndirilməsi məqsədilə AzMİU-da geniş tədqiqat işləri aparılır - 18.04.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Almaniyanın “Green Life Engineering” şirkətinin və Mühəndis sistemləri və qurğuları kafedrasının birgə təşkilatçılığı ilə silsilə seminarlar davam edir.
“Müasir inşaatda günəş enerjisindən istifadə məsələləri” mövzusunda keçirilən bu dəfəki seminarda Universitetin Mühəndis sistemləri və qurğuları kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mühəndis sistemləri və qurğuları kafedrasının müdiri professor Nurməmməd Məmmədov çıxış edərək qonağı salamlayıb və seminarın mövzusunun aktuallığına diqqət çəkib. Nurməmməd Məmmədov qeyd edib ki, günəş enerjisi təbii və ekoloji cəhətdən təmiz, bərpa olunan enerji mənbəyidir və ölkəmizdə hazırda bu enerji resusundan faydalı şəkildə istifadə üçün önəmli addımlar atılır. Kafedra müdiri əlavə edib ki, Azərbaycanda günəş enerjisi ilə bağlı layihələrin yüksək ixtisaslı mühəndis kadrlarla təmin edilməsi məqsədilə AzMİU-da geniş tədqiqat işləri aparılır və tədrisdə bu istiqamətdə önəmli yenilənmələr həyata keçirilir.
“Green Life Engineering” şirkətinin nümayəndəsi Nadir Mənsumov geniş məruzə ilə çıxış edib. Gələcək nəsillərin dayanaqlı enerji təminatı, həmçinin ətraf mühitin qorunması məqsədilə alternativ və bərpa olunan enerjiyə artan təlabatından danışıb. Günəş, günəş enerjisindən istifadə, günəş panellərinin qurulmasının prinsipləri, enerjinin alınması və ondan istifadənin zəruriliyini qeyd edib. O bildirib ki, yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.
Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb