AzMİU-nun ötən ilki məzunlarının 71 faizi işlə təmin olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) olaraq tələbələrə yüksək təhsil verməklə bərabər, işlə təmin olunma və ixtisasları üzrə uğurlu karyera qurmaq istiqamətində mütəmadi olaraq işlər aparırıq. Universitetin ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələr ilə davamlı əməkdaşlıq etməsi, böyük bir önəm daşıyır və dolayısı ilə tələbələrimizin və məzunlarımızın ilkin karyera istiqamətindəki fəaliyyətlərinə dəstək olur. Bu istiqamətdə universitetin nəzdində yaradılmış Təcrübə və Karyera Mərkəzi tələbələrin və məzunların birinci dəstəkçisidir.
Bunu universitetin PR və Media bölməsinə açıqlamasında AzMİU-nun təcrübə və karyera mərkəzinin rəhbəri Xanlar Qəniyev deyib. X.Qəniyev qeyd edib ki, Təcrübə və Karyera Mərkəzində universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”, eləcə də tələbə və məzunların “CV bazası” yaradılıb. Mərkəz şirkətlərin və təşkilatların müraciətləri əsasında bu bazalardan zəruri ixtisas üzrə namizədlərin axtarışını və yönləndirilməsini həyata keçirir. “Əmək bazarının tələblərinə uyğun olaraq tələbələrimizə iş axtarmaq, CV hazırlamaq, iş müsahibəsinə hazırlaşmaq kimi məsələlərdə məsləhət xidməti göstərir və buna dair mütəmadi olaraq məlumatlandırıcı görüşlər keçirilir. O cümlədən, məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə yaradılaraq, tələbələrin müsahibələrdə iştirakları üçün şərait yaradılır. Mərkəz tərəfindən öz karyeralarını uğurla qura bilmiş bir sıra fəxri məzunlarımızın iştirakı ilə seminarlar, təlimlər, treninqlər və s. tədbirlər təşkil edilir”, deyə, o, əlavə edib. Xanlar Qəniyev bildirib ki, məzunların işlə təminat səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzin təşkilatçılığı ilə hər il karyera sərgisi keçirilir. “Hər il təşkil olunan bu sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tərəfindən tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edilir. Sərgidə ölkənin aparıcı şirkətlərindən SOCAR, “Azərişıq”, Metropoliten, “Azərsu” ASC, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, “Mətanət-A” şirkəti, “Azərsun” Holdinq, Kapital Bank, “Metak” şirkəti, “Təmiz Şəhər” ASC, “Azercell” eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri təklif olunur”.
X.Qəniyevin sözlərinə görə, Mərkəz tərəfindən mütəmadi məzunlarla əlaqə saxlanılaraq onların məşğulluq vəziyyəti araşdırılır. Universitetin 2021-2022-ci tədris ilində məzun olan 2069 tələbəsindən (1614 bakalavr 455 magistr) 71 faizinin işlə təmin olunduğu müəyyən edilib.