AzMİU beynəlxalq reytinq sistemində ölkə üzrə birinci olub
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilk dəfədir ki, “HE Higher Education Ranking” sisteminə daxil olub və 6207 balla 37-ci yerdə qərarlaşıb.
“HE Higher Education Ranking” nəşri 2023-cü il üçün reytinq cədvəlini tərtib edib. HE Higher Education Ranking ali təhsil müəssisələrini xüsusi meyarlara və ali təhsil müəssisələrinin fəaliyyətinin və nəticələrinin yaxşılaşdırılmasına töhfə verən fəaliyyət göstəricilərinə görə sıralayan elmi, akademik və tədqiqat reytinqi qurumudur. Reytinq akademik şəffaflığın və azadlığın dəstəklənməsinə, məlumat və faktlara çıxışın təmin edilməsinə, ali təhsil müəssisələrinin mədəni, sosial və elmi təsirinə nail olunmasına, sosial bərabərliyin təşviqinə, ali təhsil müəssisələrində ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına əsaslanır. Reytinq universitetin bütün səviyyələrdə 25 meyar və 163 fəaliyyət göstəricisi üzrə ölçülməsinə əsaslanır və beləliklə, universitetin inkişafını və təkmilləşdirilməsini, əlavə dəyər əldə etməsini təmin edir.
Qeyd edək ki, Azərbaycandan 5 ali təhsil müəssisəsinin daxil olduğu reytinq cədvəlində ölkə üzrə AzMİU 1-ci yerdədir. Siyahıya Bolqarıstanın Sofiya Universiteti rəhbərlik edir.
Reytinqin tam siyahısı ilə keçiddən tanış ola bilərsiniz: https://ranking.heranking.com/m4-2023/