Həyatının memarı sən özünsən - NARKOMANİYAYA YOX DEYƏK!
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Həyatının Memarı Sən Özünsən" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə komitənin əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Ləman Mahmudova komitənin fəaliyyəti haqqında məlumat verdikdən sonra gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019/2024-cü illəri əhatə edən Dövlət Proqramından danışıb.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bəşəri bəlaya çevrilən bu problemin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil kimi vurğuluyaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində aparılan maarifləndirmə işlərindən söz açıb.
8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova çıxışında cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən narkomaniya və narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlar barədə xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin əsas prioritet məsələ olduğuna diqqət çəkib.
Sonda narkomaniyayla mübarizə ilə bağlı bədii kompozisiya nümayiş etdirilib.