Memarlıq fakültəsinin 1-ci kurs tələbələrinin sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin1-ci kurs, 162 a3 dizayn qrupunun tələbələrin sinif və sərbəst işlərindən ibarət yaradıcılıq sərgisi açılıb.
Sərgidə universitet rəhbərliyi, fakültə əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova tələbələrin qrup halında ilk sərgilərinin olduğunu, ilk gündən onların öz istedad və bacarıqları ilə seçildiyini söyləyib. Dekan tələbələrə göstərdiyi dəstəyə görə Təsviri incəsənət kafedrasının müəllimləri-Yaşar Səmədov və Həsən Həsənova xüsusi təşəkkürünü bildirib və qeyd edib ki, müəllimlərin motivasiyası gənclər üçün çox önəmlidir.
Digər çıxış edənlər də tələbələrin ilk qrup sərgisini yüksək qiymətləndirib, gələcək illərdə daha böyük sərgilər arzulayıblar.
Daha sonra sərgiyə baxış keçirilib. Tələbələr böyük həvəslə əl işlərini gələn sənətsevərlərə təqdim ediblər.
Sərgidə əsasən peyzaj, müasir üslubda işlənmiş əsərlər, portretlər, interyer dizayn işlərindən ibarət 50-yə yaxın rəsm işi nümayiş olunub.
Sərgi 2 gün davam edəcək.