Professor Gülçöhrə Məmmədova: “1918-ci il soyqırımı hadisələri sonrakı illərdə başqa formada davam etdirilib”


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.  Anım tədbirindən dövlət himni səsləndirilib, şəhidlərin, soyqırımı qurbanlarının və qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edilib.

Tədbiri universitetin  rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Mart soyqırımının tarixi, siyasi və ideoloji aspektlərindən danışıb. Rektor XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı kütləvi qırğınlar törətdiyinə, yaşayış məntəqələrini, məscidləri, tarix  və mədəniyyət abidələrini yerlə yeksan etdiyinə diqqət çəkib. Professor Gülçöhrə Məmmədova bildirib ki, bu siyasət sonrakı illərdə, xüsusilə 1948-1953-cü illərdə də başqa formada həyata keçirilib və bununla azərbaycanlıların tarixi torpaqlarındakı izlərinin silinməsinə cəhd edilib. 

Rektor qeyd edib ki, mənfur düşmənin havadarları ilə birgə 100 ildən çoxdur ki, davam etdirdiyi işğal, deportasiya və soyqırımı siyasətinə 44 günlük Vətən müharibəsi ilə ağır zərbə vuruldu: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qələbəsi nəticəsində tarixi ədalət bərpa olundu və xalqımız “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdır. Bununla belə, biz keçmişi, düşmənin məkirli siyasətini unutmamalıyıq və dövlətimizə qarşı olan təhdidləri doğru analiz edib, bir yumruq kimi birləşməyə davam etməliyik”.

Professor Gülçöhrə Məmmədova əlavə edib ki, yüksək qabiliyyətli milli kadrların yetişməsi üçün tarixi keçmişimizin öyrənilməsi vacibdir və AzMİU-da bununla bağlı müxtəlif layihələr, proqramlar icra edilir, tədbirlər keçirilir. 

Sonra Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən hazırlanan "31 Mart Soyqırımı" filmi izlənilib. Filmdə Azərbaycanlıların Soyqırımı ilə bağlı arxiv materialları, tarixi faktlar, eləcə də alimlərin, ekspertlərin şərhləri yer alıb.

31-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]