“Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində AzMİU tələbələri ilə görüş keçirilib - 30.03.2023
Martın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclər üçün məlumatlandırma sessiyası keçirilib.
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə gerçəkləşən tədbirdə rəsmi qonaqlar və 100-ə yaxın AzMİU tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. O, Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsinə diqqət çəkib və “Ağıllı Qarabağı tanıyaq” layihənin gənclərin məlumatlandırılması sahəsində əhəmiyyətinə toxunub: “Universitet olaraq, biz də Qarabağda görülən işlərə öz dəstəyimizi göstəririk. Fəxr olunası məqamdır ki, bizim də ekspert, mütəxəssis və məzunlarımız hazırda Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işləri fonunda “Böyük Qayıdış” planının gerçəkləşdirilməsində böyük səylə çalışır. Bu prosesin bir hissəsi olmaq bizi sevindirir”.
“İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının keçirilməsində ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı, AzMİU-nun tələbələri də aktiv iştirak edir.
Daha sonra məlumatlandırma bölməsinə keçid edilib. Qarabağ Dirçəliş Fondunun əməkdaşı Vüsal Kərimov və “İrəli” İctimai Birliyinin mətbuat katibi, “Ağıllı Qarabağı tanıyaq” layihəsinin rəhbəri Arif Rəhimli təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə həyata keçirilən tədbirlərin vacibliyi, ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası, Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu, habelə “Qarabağda urbisid” layihəsi haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.