Tələbələrimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - 28.03.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının üzvləri və universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər.
Səfər zamanı universitetin nümayəndə heyəti faciə qurbanlarının xatirəsini yad edib, xatirə daşı önünə əklil qoyub, ərazini gəzərək Quba soyqırımına həsr olunmuş stendlərlə tanış olublar. Kompleks əməkdaşları tərəfindən AzMİU-nun tələbələrinə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib, muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar.
Məlumat üçün qeyd edək ki, 1918-ci ilin mart hadisələri ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.