2023-cü il üzrə Novruz mühazirələri yekunlaşdı
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hər il təşkil olunan Novruz mühazirələrinə 2023-cü il üzrə yekun vuruldu.
Bu ilin sonuncu Novruz mühazirəsinin məruzəçisi AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov olub. Nurməmməd Məmmədov tələbələrə “Qarabağ yaşıl enerji zonası olacaq” mövzusunda mühazirə oxuyub.
Mühazirə zamanı Prezident İlham Əliyevin Qarabağda yaşıl enerji zonasının yaradılması ilə bağlı sərəncamı diqqətə çatdırılıb və bununla əlaqədar şərhlər verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərin enerji potensialının düzgün qiymətləndirilməsi üçün həyata keçirilən işlər, ərazinin enerji təchizatı ilə bağlı hazırlanan layihələr və Azərbaycanın bu istiqamətdə dövlət siyasəti həmin əraziləri yaxın gələcəkdə yaşıl enerji zonasına çevirəcək.
Qeyd edək ki, bu, 2023-cü ildə AzMİU-da keçirilən sayca 5-ci Novruz mühazirəsidir. Bundan öncə Bayram Aslanovun “Gənclər siyasətində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti”, Azər Qasımzadənin “Zəlzələ mühəndislərin gözü ilə”, Zahidə Məmmədovanın “Qarabağ məscidlərinin memarlıq xüsusiyyətləri” və İradə Şirinzadənin “Qarabağda inşaat materialları sənayesinin inkişaf perspektivləri” mövzusunda mühazirələri dinlənilib.