AzMİU-da Xalq rəssamı Arif Əzizin sərgisi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının akademiki və Azərbaycan filialının prezidenti, Şöhrət ordenli, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb.

AzMİU-nun Memarlıq fakültəsinin və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, sənətşünas alim Sevil Kərimova, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

AzMİU-nun rektoru, Əməkdar memar professor Gülçöhrə Məmmədova çıxış edərək Arif Əzizi, eləcə də sərgi iştirakçılarını salamlayıb yubilyarı təbrik edib, Arif Əzizin özünəməxsus “Bəyaz” üslubunun əsaslarını,  rəssamın Azərbaycan sənətində avanqardizm yanaşmasına diqqət çəkib və bu sərginin universitetin müəllim-tələbə heyəti üçün önəmli olduğunu vurğulayıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. 

AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxışında Arif Əzizin Azərbaycan incəsənətində rolunu vurğulayıb, sərginin tələbələr üçün əhəmiyyətinə diqqət çəkib. 

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri, memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov rəssamın dizayn sahəsində axtarışlarının fənlərarası aspektlərini vurğulayıb, onun mədəni irsimizin təbliğində rolunu qeyd edib.

AzMİU-nun əməkdaşı, Əməkdar müəllim və Arif Əzizin tələbəsi Yaşar Səmədov yubilyarla bağlı xatirələrini bölüşüb. 

Sənətşünas alim dosent Sevil Kərimova isə çıxışında Arif Əzizin yaradıcılığına dair şərhlər verib. O, Arif Əzizin təsviri sənətimizdə orijinal yol kəşf edərək öz üslubunu müəyyən etdiyini, zəngin və özünəməxsus yaradıcılığı ilə seçildiyini vurğulayıb.  

Xalq rəssamı yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara öz təşəkkürünü bildirib və əsərləri haqqında çap olunan kitabları AzMİU kitabxanasına hədiyyə edib. 

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, rəssamın çoxsayılı sərgilərdən fərqli olaraq bu dəfəki konsepti Arif Əzizin 65 illik peşəkar irsini lakonik tərzdə əks edir. AzMİU-nun ixtisas istiqamətlərinə müvafiq olaraq sərgidə rəssamın əsasən qrafik dizayn sahəsinə aid əsərləri nümayiş edilib. Burada onun erkən yaradıcılıq dövrünü əhatə edən fərqli mövzulu plakatlar, loqotiplər xüsusi maraqla qarşılanıb. Sərginin daha bir aspekti Arif Əzizin fərdi bədii üslubunu və manerasını əks edən “Bəyaz”dır. Ağ rəngin məhdud imkanlarını tekstura və yaxıların incə zərbləri ilə vurğulayan rəssam kompozisiyada qədim milli simvolikanın avanqard həllinə nail olur. Sərginin kontekstinə uyğun olaraq üslubun formalaşma məqamlarını əks edən əsərlər və onları müşahidə edən videoçarxlar təqdim olunub.
 

17-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]