AzMİU-nun təşkilatçılığı ilə beynəlxalq elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə hibrid formatda “Ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq (Azərbaycan və Özbəkistan universitetlərinin timsalında)” I Beynəlxalq Elmi Seminarı keçirilib. AzMİU ilə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti arasında əldə olunan razılaşmaya əsasən keçirilən seminarda bu universitetlərlə yanaşı, Daşkənd Memarlıq və İnşaat Universiteti və Qırğızıstan-Türkiyə "Manas" Universitetinin prorektorları, həmçinin əməkdaşları da iştirak ediblər.
AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə baş tutan seminarda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin tədris işləri üzrə prorektoru professor Orifjon Zaripov, Daşkənd Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Erkin Xaltursunov və Qırğızıstan-Türkiyə “Manas” Universitetinin tədris işləri üzrə prorektoru professor Mehmet Sezai çıxış edərək iştirakçıları salamlayıblar və seminarın işinə uğurlar arzulayıblar.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov çıxış edərək bildirib ki, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq təcrübə mübadiləsi və təhsilin inkişafı üçün son dərəcə vacibdir. Son illər Türk Dövlətləri Birliyi çərçivəsində əlaqələrin gücləndiyini deyən Nurməmməd Məmmədov qardaş ölkələrin bir sıra sahələrdə olduğu kimi ali təhsil üzrə də aktiv əməkdaşlığı üçün əlverişli şəraitin yarandığını qeyd edib.
Seminar çıxış və müzakirələrlə davam etdirilib. Azərbaycan və Özbəkistan texniki universitetləri arasında ilk dəfə təşkil olunan seminarda texniki sahələr, tikinti sənayesi, sənaye və dövlət sektorunda enerjiyə qənaət məsələləri üzrə gələcəyin mütəxəssislərinin hazırlanması, miqrantların təhsil və maarifləndirmə yolu ilə cəmiyyətə inteqrasiyası, habelə dialoqun genişləndirilməsi ilə bağlı əsas məsələlər müzakirə olunub.
Qərara alınıb ki, seminarların davamlılığı təmin edilsin, həmçinin kafedralarda aparılan tədqiqatlarla bağlı qarşılıqlı məlumatlandırma, müəllim-tələbə mübadiləsi həyata keçirilsin və birgə elmi konfranslar təşkil edilsin.