AzMİU-da böyük alim Davud Axundovun 105 illiyinə həsr olunmuş elmi seminar keçirilib



Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memar və tarixşünas, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Davud Axundovun 105 illiyinə həsr olunmuş elmi seminar keçirilib. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, Davud Axundov Azərbaycanın tarixi memarlıq irsinin tədqiqində xüsusi yeri olan və AzMİU-da abidələrin bərpası işini elmi istiqamət kimi quran böyük alimdir. Rektor qeyd edib ki, Davud Axundovun memarlıq irsimiz, xüsusilə İslam sivilizasiyasından öncəki memarlığımızla bağlı elmi işləri azərbaycanlıların tarixən bu ərazilərdə yaşadığını sübut edən əvəzsiz tədqiqatlardır. Ermənilərin Sovet dövründə və sonrakı illərdə memarlıq abidələri üzərindən sistemli şəkildə Azərbaycanda “erməni izləri” yaratmağa çalışdıqlarını deyən professor Gülçöhrə Məmmədova nəzərə çatdırıb ki, bu məkirli plan böyük alimin Qafqaz Albaniyasının mədəniyyətinə və incəsənətinə aid tədqiqatları ilə birdəfəlik məhv edildi. 

Rektor əlavə edib ki, Davud Axundov yaradıcılığındakı milli xəttin davam etdirilməsi, onun yetişdirdiyi alimlər tərəfindən gənc alimlərin yetişdirilməsi və tarixi memarlıq irsimizin, xüsusilə 30 ildən sonra azad edilən ərazilərimizdəki abidələrimizin tədqiqi son dərəcə vacibdir. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva Davud Axundovun həyat və yaradıcılığı ilə bağlı geniş məruzə ilə çıxış edib. Professor Səbinə Hacıyeva qeyd edib ki, tarixi abidələrimizin bərpası istiqamətində böyük işlər görən Davud Axundov 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlayıb. Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olub. 1949–1963-cü illərdə onun layihələri əsasında Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilib. 

1970–2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olan Davud Axundov qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair bir çox elmi əsərin müəllifidir. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Davud Axundov memarlıqda bu istiqamətin əsasını qoyub. Onun "Qədim və orta əsrlər Azərbaycan memarlığı" (1986, rus dilində) adlı monoqrafiyasında Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının inkişaf mərhələləri araşdırılıb. Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə 1990-cı ildə Dövlət mükafatı laureatı olub, 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib, elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Ağa oğlu Axundov 2003-cü il noyabr ayının 19-da vəfat edib. 

Seminarda Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, Davud Axundovla birgə fəaliyyət göstərmiş alimlər, onun yetirmələri və oğlu memar Cəmil Axundov da çıxış edərək böyük alimlə bağlı xatirələrini bölüşüblər, onun memarlıq elminin inkişafına verdiyi töhfədən danışıblar. 

Seminarın yekununda Davud Axundovun yaradıcılığından bəhs edən kitabın hazırlanması və onun tədqiqat işlərinin davam etdirilməsi tövsiyə olunub. 
 

02-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]