AzMİU nümayəndələri Creative Spark proqramı çərçivəsində təşkil olunan Yekun Forumda iştirak ediblər - 01.03.2023
“British Council” tərəfindən həyata keçirilən “Creative Spark” proqramı çərçivəsində Yekun Forum təşkil olunub. Forumda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva və 5 il müddətində “Creative Spark” layihəsində aktiv iştirak edən əməkdaşlar təmsil ediblər.
İştirakçılar tədbir zamanı Azərbaycanda və Böyük Britaniyada həyata keçirilən sahibkarlıq təhsili təşəbbüslərində ən yaxşı təcrübələr haqqında məlumat əldə ediblər.
Forum dörd başlıca məqsəd əsasında təşkil edilib:
• Azərbaycanda Creative Spark tərəfdaşlıqlarının beş il ərzində əldə etdiyi nailiyyətlər haqqında hesabat vermək;
• Azərbaycanda Creative Spark proqramı çərçivəsində sahibkarlıq təhsili sahəsində həyata keçirilmiş təşəbbüslər və qabaqcıl təcrübələri paylaşmaq;
• Creative Spark proqramının həyata keçirildiyi dövrdə əldə edilmiş təcrübələri paylaşmaq;
• Tərəfdaşların Birləşmiş Krallıqla Azərbaycan arasında təhsil modelləri və yaradıcı tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlarını müzakirə etmək.
AzMİU-nun İnnovativ Biznes İnkubatorunun rəhbəri Nəsibə Əmirbəyova universitetin CS layihəsi çərçivəsində 5 illik fəaliyyəti barədə təqdimat ilə çıxış edib.
Qeyd edək ki, Forumda Azərbaycanda ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, “Creative Spark” Azərbaycan və Birləşmiş Krallıq tərəfdaşlığının təmsilçiləri və yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsində maraqlı olan əsas tərəflərin nümayəndələri iştirak ediblər.