AzMİU aliminin tədqiqatı nano-optoelektronik cihazların hazırlanmasında geniş tətbiq olunur - 27.02.2023
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Fizika və Kimya kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın dosenti, fizika elmləri doktoru Hüseynağa Hüseynov “Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr” mövzusunda məruzə ilə çıxış edib.
Alimin məruzə etdiyi elmi işdə kosinusoidal dispersiya qanununa tabe olan ifratqəfəs və laylı birləşmələrdə enerji spektri və səpilmə mexanizminin anizotropluğunun, həmçinin elektron qazı parametrlərinin, temperatur qradientinin, xarici maqnit sahəsinin təsiri ilə elektron köçürmə hadisələrində yaranan anizotropluq tədqiq olunub.
Tədqiqatın nəticələri göstərir ki, aşağıölçülü elektron sistemlərində termomaqnit effektlərin nəzəriyyəsi qurulmuş və müəyyən edilməlidir ki, göstərilən təsirlər nəticəsində kinetik əmsallarda işarə dəyişmə, güclənmə, ossilyasiya, histerezis kimi, həcmi nümunələrdə müşahidə olunmayan, effektlər yaranır.
Hüseynağa Hüseynov qeyd edib ki, elmi tədqiqat nəticəsində alınan nəticələr nano-optoelektronikada cihazların hazırlanmasında geniş tətbiq olunur.