Xocalı faciəsi tələbələrin gözü ilə - AzMİU-da rəsm sərgisi keçirilib - 23.02.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Xocalı faciəsi tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib. 

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən böyük cinayətdir. Prorektor qeyd edib ki, Ermənistanın 1990-cı illərin əvvəllərində torpaqlarımıza təcavüzünə, xalqımıza qarşı soyqırımı aktına hələ də bəzi ölkələr tərəfindən ikili standartlarla yanaşılır. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, vaxtı ilə işğalda olan ərazilərə vətəndaşlarımızın qayıdışı prosesinə diqqət çəkən prorektor, Xocalının da tezliklə erməni silahlı birləşmələrindən, hərbi cinayətkarlardan təmizlənəcəyinə və əsl sahiblərinə geri qayıdacağına əminliyini ifadə edib.

AzMİU-nun Memarlıq fakültəsinin dekan müavini Həsən Həsənov isə çıxışında sərgilənən işlərdən və tələbələrin sərgiyə göstərdiyi maraqdan danışıb. Dekan müavini qeyd edib ki, sərgiyə işlərin təqdim edilməsi üçün vaxt azlığı olsa da, tələbələr qısa zaman ərzində Xocalı ilə bağlı təxəyyüllərini rəsmə çevirə biliblər. 

Digər çıxış edənlər də sərginin əhəmiyyətindən, Xocalı soyqırımının tanıdılması üçün atılan addımların vacibliliyindən danışıblar.

Çıxışlardan sonra sərginin açılışı olub və rəmzi lent kəsilib.

İştirakçılar sərgiyə baxış keçiriblər.

“Xocalı faciəsi tələbələrin gözü ilə” sərgisində AzMİU-nun Memarlıq fakültəsi tələbələrinin ümumilikdə 45 işi sərgilənib. Sərgilənən rəsm və plakat işlərində Xocalı soyqırımının mənəvi, psixoloji, eləcə də fiziki ağrıları əks olunub. 

Qeyd edək ki, sərgilənən rəsm və plakat işlərinin qiymətləndirilməsi üzrə Elgün Yusifli I, Humay Səfərzadə II, Fatmaxanım Heydərova isə III yerin qalibi olublar. 

23-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]