Elmi Şuranın növbəti iclası keçirilib – Rektor geniş hesabatla çıxış edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclas başlamadan öncə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadəni 60 illik yubileyi münasibətilə təbrik edib və ona elmi fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra professor Gülçöhrə Məmmədova Şura üzvlərinə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Gündəliyə uyğun olaraq, professor Gülçöhrə Məmmədova “Rektorluğun 2022-ci il üzrə fəaliyyəti barədə” hesabat ilə çıxış edib. Rektor çıxışında 2022-ci ildə əldə olunan uğurlar, nailiyyətlər və çatışmazlıqlarla bağlı ətraflı məlumat verib.
Universitetin baş mühasibi Sarı Yusubov “2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə”, tədris işləri üzrə prorektor, professor Akif Qasımov isə “Özünütəhlil hesabatının müzakirəsi barədə” hesabatla çıxış ediblər.
Şuranın iclasında digər cari məsələlərə də baxılıb. Keyfiyyətə nəzarət mərkəzinin direktor müavini, dosent Könül Ağayeva “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Keyfiyyət Siyasəti barəsində” və “Mühazirə, məşğələ və laboratoriya dərslərinin monitorinq qaydaları (Meyarları)” barəsində məruzə ilə çıxış edib.
Çıxışlardan sonra məruzəçilər tərəfindən Elmi Şura üzvlərinin sualları cavablandırılıb və məruzələr üzrə təkliflər dinlənilib.
Sonda müsabiqə işləri yerinə yetirilib.