AzMİU-da hidrotexniki tunellərin modelləşdirilməsi məsələsi müzakirə edilib - 21.02.2023


 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasında elmi seminar keçirilib.

Seminarda “ST və MKS” fakültəsinin dekanı professor Zakir Musayev və “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının  professor-müəllim heyəti iştirak edib.

“Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti Aqil Mürsəlov “Hidrotexniki tunellərə olan təsirləri nəzərə almaqla, onların statiki baxımdan modelləşdirilməsi” adlı mövzu ilə çıxış edib. A.Mürsəlov çıxışında hidrotexniki tunellərə olan təsirlər məsələsinin günümüzdə olduqca aktual bir mövzu olduğunu qeyd edib və baxılan məsələnin bir çox məşhur alim tərəfindən irəli sürülən fərqli təkliflərdə öz əksini tapdığını seminar iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının professoru Yaşar Qəhrəmanlı mövzunun çox aktual olduğunu qeyd etmiş və A.Mürsəlova dolğun çıxışa görə dərin təşəkkürünü bildirib. Ardınca “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti Aydın Piriyev çıxış edərək baxılan məsələnin ölkəmizdə bir çox hidrotexniki tunellərin layihələndirilməsi zamanı nəzərə alınacaq bir komponent olduğunu vurğulayıb.

Seminar sual-cavab və diskussiyalarla davam etdirilib.

Sonda “ST və MKS” fakültəsinin dekanı professor Z.Musayev çıxış edərək mövzunun aktuallığına bir daha diqqət çəkib və bu kimi seminarların vaxtaşırı keçirilməsinin çox faydalı olduğunu qeyd edib.

21-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]