AzMİU alimləri iri ticarət mərkəzlərinin nəqliyyat xidmətinin ümumi prinsiplərini müzakirə ediblər - 17.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasında elmi seminar keçirilib.

Seminarda kafedranın baş müəllimi Yeganə Kərimli “İri ticarət mərkəzlərinin nəqliyyat xidmətinin ümumi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi çıxışında iri ticarət mərkəzlərinin nəqliyyat xidmətinin təşkilinə, onun ümumi prinsiplərinin elmi cəhətdən araşdırılması məsələlərinə toxunub. İctimai-ticarət mərkəzlərinin şəhər strukturunda yeri, iri şəhər ansambllarının və komplekslərinin yaradılmasında rolu diqqətə çatdırılıb. Bildirilib ki, iri ticarət kompleksləri üçün nəqliyyat xidməti məsələsinin həlli kompleksin normal fəaliyyətini təmin etmək, ona bitişik ərazilərə mənfi təsirini azaltmaq məqsədi daşıyır. 

Qeyd edək ki, məruzəçinin tədqiqat işində ticarət mərkəzlərinin ərazisinin nəqliyyat karkasının həll olunması, avto-dayanacaqların tipləri və onların yerləşdirilməsi, dayanacaqda hərəkətin təşkili və avtomobillərin yerləşdirilmə qaydaları haqqında məsələlər araşdırılıb. Tədqiqatda yekun nəticə olaraq ictimai-ticarət mərkəzlərinin planlaşdırılmasının əsas çatışmazlıqları üzə çıxarılır və iri ticarət müəssisələrinin nəqliyyat xidmətinin səmərəli təmin olunması üzrə tövsiyələr təqdim edilir
 

17-02-2023