Media nümayəndələri AzMİU-da imtahan prosesini izləyiblər - 25.01.2023
Yanvarın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) mediatur təşkil olunub. Mediaturda kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə yanaşı, təhsil eksperti Şahlar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev və digərləri iştirak ediblər.
Mediatur çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet haqqında, xüsusilə imtahan prosesi ilə bağlı geniş məlumat verib.
Daha sonra AzMİU rəhbərliyi və mediatur iştirakçıları 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. Burada mediatur iştirakçıları test, yazılı və qabiliyyət imtahanları, eləcə də yazılı imtahanların yoxlanılması və imtahan vərəqlərinin şifrələnməsi ilə tanış olublar, tələbələrlə söhbət aparıblar və proseslə bağlı universitet rəhbərliyinə suallar ünvanlayıblar.
Professor Gülçöhrə Məmmədova qonaqlara məlumat verib ki, 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.
Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.
İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir.
İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə Açıq Qapı Günləri və mediaturlar təşkili olunur.
Qeyd edək ki, üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.