AzMİU-da “Tikintidə İzolyasiya Problemləri” mövzusunda konfrans keçirilib [27.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində Materialşünaslıq kafedrasının təşkilatçılığı ilə “Tikintidə İzolyasiya Problemləri” mövzusunda Respublika Elmi – Praktiki Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan İnşaat fakültəsinin dekanı, dosent Sahib Fərzəliyev mövzunun əhəmiyyətinə diqqət çəkərək konfransın proqramı və məruzəçilər haqqında iştirakçılara məlumat verib. Sonra AzMİU-nun elm və innovasiya işləri üzrə prorektoru, professor Nigar Aslanova çıxış edib. Nigar Aslanova qeyd edib ki, konfransın mövzusu istehsalatla birbaşa bağlı olan praktik bir məsələyə həsr olunub və kafedranın istehsalatla əlaqələrinin genişlənməsində, tədrisin əyaniliyinin artırılmasında, istehsalatda olan mütəxəssislərlə əlaqələrin genişləndirilməsində, eləcə də elmi tədqiqat işlərinin yerinə yetirilməsində çox böyük əhəmiyyəti olacaq. Qonaqlardan – Fövqaladə Hallar Nazirliyinin idarə rəisi Cəsarət Camalov və İnşaat Materialları Elmi Tədqiqat İnstitutunun aparıcı mütəxəssisi Nicat Məstanzadə də çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Konfransın plenar iclasında 3 məruzə dinlənilib. Materialşünaslıq kafedrasının müdiri, professor İradə Şirinzadə “Tikintidə izolyasiya problemlərinin nəzəri əsasları və inkişaf perspektivləri”, istehsalatdan dəvət olunmuş qonaqlar Toğrul Əlixanov “Müxtəlif modifikatorların təsiri ilə izolyasiya materiallarının effektivliyinin artırılması” və Nuh Həşimov “Müasir izolyasiya materialları və onların tikintidə tətbiqinin perspektivləri” mövzusunda çıxış ediblər. Konfrans öz işini sektorlar üzrə davam etdirib. Konfransda 2 sektorda 30-dan çox elmi məqalə dinlənib və müzakirə edilib. Qeyd edək ki, konfransın yekununda mövzular və müzakirəyə çıxarılan məsələlərlə bağlı tövsiyyələr hazırlanıb. |
27-12-2022