İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya istifadəyə verilib. Proqram Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyilə icra edilib.
Auditoriyanın açılışında Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin kordinatoru Lyana Qaribaşvili, AzMİU-nun prorektoru, professor Akif Qasımov, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev, layihənin Azərbaycan üzrə kordinatoru, professor Nurməmməd Məmmədov, “DaşYunu” şirkətinin rəhbəri Nuh Həşimov, eləcə də universitetin və kollecin əməkdaşları iştirak ediblər.
Auditoriya istilik izoliyasiyasında istifadə olunan üzvi və qeyri-üzvi materiallarla, həmçinin bu materialların tətbiqi zamanı istifadə olunan alətlərlə təmin olunub. Tələbələrin istilik izoliyasiyası haqqında təəssüratlarının genişləndirilməsi üçün auditoriyadakı materiallar xarici görünüşü, forması, sıxlığı və tətbiq sahəsindən asılı olaraq təsnifatlandırılıb.
Bundan əlavə, tələbələrin onlayn və video təlimləri izləməsi üçün də şərait yaradılıb. Auditoriyada avadanlıqlar vasitəsilə tələbələrə eneji effektivliyinin artırılması, binaların xarici divarlarının izoliyasiyası və bu kimi digər mövzularda dərslər və təlimlər keçiriləcək.
Layihənin məqsədi Azərbaycanda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, binaların enerji səmərəliliyinin artırılması istiqamətində kadr çatışmazlığını aradan qaldırmaq, eləcə də bu sahəyə marağı olan gənc mütəxəssislər üçün yeni iş yerlərinin yaradılmasıdır.
Qeyd edək ki, bu, İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyi və Gürcüstanın Enerji Effektivliyi Mərkəzi ilə əməkdaşlıq əsasında İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş ikinci auditoriyadır.
|